Məktəblərdə pəncərələrə dəmir barmaqlıqlar quraşdırılacaq? – AÇIQLAMA

Okt 29, 2026 - 11:19
0 24
Məktəblərdə pəncərələrə dəmir barmaqlıqlar quraşdırılacaq? – AÇIQLAMA

Bakıda 7-ci sinif şagirdinin pəncərədən yıxılaraq ölümcül xəsarətlər alması məktəblərdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Belə hadisələrin qarşısının alınması üçün təhsil müəssisələrində təhlükəsizlik qaydalarına əməl olunması, pəncərələrin qoruyucu mexanizmlərlə təmin edilməsi və şagirdlərə nəzarətin təşkili mühüm əhəmiyyət daşıyır. Məktəblərdə, xüsusilə yuxarı mərtəbələrdə yerləşən sinif otaqlarının pəncərələrində dəmir barmaqlıqlar və ya digər qoruyucu mexanizmlər olmalıdırmı? Mövcud təhlükəsizlik tələbləri bu barədə nə deyir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev İnfora.az-a açıqlamasında deyib ki, hadisənin hansı səbəbdən baş verdiyi və buna görə kimin məsuliyyət daşıdığı araşdırmanın nəticəsində müəyyənləşdirilməlidir:

“Yoxlama aparılmadan bütün məktəblərlə bağlı ümumiləşdirilmiş fikir bildirmək düzgün deyil. Bununla belə, şagirdin çata biləcəyi və yıxılma təhlükəsi yaradan pəncərənin mühafizəsiz olması qənaətbəxş təhlükəsizlik tədbiri hesab edilə bilməz. “Təhsil haqqında” Qanunun 32.3.10-cu maddəsində təhlükəsiz təhsil şəraitinin təmin edilməsi şagirdin hüququ kimi təsbit olunub. Bu məsələdə diqqət yetirilməli olan konkret hüquqi məqam da var. “Təhsil müəssisələrinin bina və qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları”nın 4.8-ci bəndinə əsasən, sinif otaqlarında və uşaqlar üçün nəzərdə tutulan digər otaqların pəncərələrində dəmir barmaqlıqların quraşdırılması qadağandır. Eyni qaydaların 4.4-cü bəndi isə insanların təxliyəsini çətinləşdirən konstruktiv həllərə yol verilmədiyini müəyyən edir. Bu baxımdan, pəncərədə barmaqlığın olmaması avtomatik olaraq təhlükəsizlik qaydalarının pozulması demək deyil. Əsas məsələ yıxılma riskinin müvafiq texniki vasitələrlə aradan qaldırılmasıdır”.

O qeyd edib ki, belə halların qarşısını almaq üçün pəncərələrin təhlükəli həddən artıq açılmasını məhdudlaşdıran etibarlı qurğulardan istifadə edilə bilər:

“Böyük Britaniyanın əməyin mühafizəsi qurumu HSE də məktəbləri əhatə edən təhlükəsizlik xəbərdarlığında bu qurğuların sıradan çıxması nəticəsində yarana biləcək risklərə diqqət çəkir. Texniki həll seçilərkən EN 13126-5:2011+A1:2014 Avropa standartı da nəzərə alına bilər. Bu standart pəncərə açılmasını məhdudlaşdıran qurğuların möhkəmliyi, davamlılığı və işləkliyi ilə bağlı tələbləri, eləcə də sınaq üsullarını müəyyən edir. Qurğunun seçimi pəncərənin konstruksiyasına, şagirdlərin yaş xüsusiyyətlərinə və mövcud təhlükə səviyyəsinə uyğun aparılmalıdır. Məktəblərdə pəncərələrin və yıxılma təhlükəsi yarada biləcək digər sahələrin təcili yoxlanılmasıdır. Aşkar edilmiş risklər tam aradan qaldırılanadək şagirdlərin həmin ərazilərə daxil olması məhdudlaşdırılmalıdır. Bununla yanaşı, pəncərələrdə texniki mühafizə vasitələri quraşdırılmalı, onların işlək vəziyyətdə olması mütəmadi yoxlanılmalı, dərs və tənəffüs vaxtı şagirdlərə nəzarət gücləndirilməlidir. Müəyyən edilən hər bir nöqsan üzrə məsul şəxslər təyin olunmalı və problemin aradan qaldırılması üçün konkret müddət müəyyənləşdirilməlidir. Çünki təhlükəsizlik tədbirləri uşaqların hər zaman ehtiyatlı davranacağına dair fərziyyəyə əsaslana bilməz”.

Aysel Muxtar

Şərhlər (0)

User