Xəzər dənizi geri çəkilir: Nərəkimilərin nəsli təhlükə altına düşə bilər – AÇIQLAMA
Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər sahil ərazilərinin ekosisteminə, balıq ehtiyatlarına və təsərrüfat fəaliyyətinə təsir göstərə bilər. Prosesin səbəblərinin araşdırılması və mümkün nəticələrin qiymətləndirilməsi ekoloji planlaşdırma baxımından vacibdir. Xəzərin səviyyəsinin enməsinə təsir edən əsas təbii və antropogen amillər hansılardır və Azərbaycan sahilləri üçün hansı ekoloji risklər yarana bilər?
Bu barədə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov İnfora.az-a açıqlamasında deyib ki, Xəzər dənizinin səviyyəsində baş verən dəyişikliklər müxtəlif səbəblərlə əlaqədardır:
“Hazırda Xəzər dənizinə daxil olan suyun təxminən 80 faizini Volqa çayı təmin edir. Son illərdə Volqa çayından su götürülməsinin artdığı bildirilir. Bu amil dənizin səviyyəsinin azalmasının əsas antropogen səbəblərindən biri kimi göstərilir. Bununla yanaşı, səviyyə dəyişikliklərinə təbii amillər də təsir edir. İqlim dəyişmələri və qlobal istiləşmə Xəzər dənizində də özünü göstərir. Son illərdə dəniz səthindən buxarlanmanın intensivləşməsi də suyun səviyyəsinin azalmasına təsir edən amillərdən biri hesab olunur. Azərbaycan sahilləri üçün ekoloji risklərə gəldikdə, hazırda vəziyyəti fəlakətli risk kimi qiymətləndirmək düzgün olmaz. Bununla belə, dənizin bir çox sahilyanı ərazilərdə geri çəkilməsi artıq müşahidə olunur. Bəzi ərazilərdə sahil xəttinin 50, 100 metr və ya daha çox geri çəkildiyi qeydə alınır. Bu proses Xəzər dənizinin ümumi səviyyəsinin azalması ilə əlaqədardır. Oxşar vəziyyət təkcə Azərbaycanda deyil, Xəzər dənizinə sahili olan digər ölkələrdə də müşahidə edilir”.
O qeyd edib ki, dənizin səviyyəsinin azalması gələcəkdə davam edərsə, biomüxtəliflik üçün müəyyən risklər yarana bilər:
“Xüsusilə, Xəzərin unikal balıq növlərinin, o cümlədən nərəkimilərin populyasiyasının azalması ehtimalı var. Bu, mövcud vəziyyətin yarada biləcəyi əsas ekoloji risklərdən biridir. Bununla yanaşı, digər əlavə risklərin də meydana çıxması mümkündür. Problemin həlli üçün Xəzəryanı dövlətlərin birgə tədbirlər görməsi vacibdir. Dənizin səviyyəsindəki dəyişikliklərin səbəblərinin araşdırılması, ekoloji risklərin qiymətləndirilməsi və mümkün nəticələrin qarşısının alınması istiqamətində regional əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. Bu məsələ beynəlxalq tədbirlər çərçivəsində də müzakirə olunur”.
Aysel Muxtar
Şərhlər (0)