Putinlə gizli diplomatiya başlayır – Avropa Kremlə gedən yolu tapdı?

Okt 28, 2026 - 00:41
Yeniləndi: 7 gün əvvəl
0 4
Putinlə gizli diplomatiya başlayır – Avropa Kremlə gedən yolu tapdı?

Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təmaslar yeni mərhələyə qədəm qoyur. Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störenin Vladimir Putinlə telefon danışığı Avropanın Rusiya ilə birbaşa dialoqu bərpa etmək cəhdi kimi qiymətləndirilir. Stubb isə Kremlin əsas avropalı həmsöhbəti roluna ən real namizədlərdən birinə çevrilir.

İnfora.az xəbər verir ki, bu barədə  “Politico” saytının fonunda yeni təhlillər yayılıb.

Oktyabrın 27-də Finlandiya Prezidentinin dəftərxanası Stubb və Störenin Helsinkidən Vladimir Putinlə telefon danışığı apardıqlarını açıqlayıb. Təşəbbüs Finlandiya və Norveç liderlərindən gəlib.

Danışıqda Ukraynadakı müharibə, onun dayandırılması istiqamətində diplomatik səylər, eləcə də Avropada sülh və təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub.

Finlandiya Prezidentinin dəftərxanasının açıqlamasına görə, əsas məqsəd gələcək sülh danışıqları ilə bağlı mövqeləri birbaşa Putinə çatdırmaq olub. Telefon danışığı Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan görüşlərlə də əlaqələndirilib.

“Müharibəni dayandırmaq üçün birbaşa dialoq lazımdır”, – deyə Stubb bildirib.

Bununla belə, Finlandiya və Norveç Ukrayna ilə bağlı əvvəlki mövqelərindən geri çəkilməyiblər. Hər iki lider Rusiyanın hərbi müdaxiləsini təcavüz kimi qiymətləndirməyə davam etdiklərini və Kiyevə uzunmüddətli dəstəyi saxlayacaqlarını vurğulayıblar.

Avropa niyə məhz Stubba üstünlük verə bilər?

“Bloomberg”in məlumatına görə, telefon danışığı sülh danışıqlarını canlandırmaq istiqamətində aparılan diplomatik səylərin davamıdır. Bu proses çərçivəsində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ötən həftə Sankt-Peterburqda Putinlə görüşüb.

Nəşr yazır ki, Ukraynanın avropalı müttəfiqləri Avropanın təhlükəsizliyinə dair danışıqlarda birbaşa iştirak etmək istəyirlər. Finlandiya və Norveç liderləri isə Rusiya ilə həmsərhəd olmalarını bu prosesdə iştirak üçün mühüm arqument kimi irəli sürürlər.

“Politico” daha əvvəl Avropada Putinlə danışıqlar aparacaq xüsusi siyasi fiqurun axtarıldığını yazmış və Aleksandr Stubbun adını mümkün namizədlər sırasında göstərmişdi.

Finlandiya Prezidentinin üstünlüklərindən biri onun Donald Trampla yaxşı münasibətlərə malik olmasıdır. “The Guardian”ın əvvəlki məlumatlarına görə, Stubb ABŞ prezidentinə müəyyən təsir göstərməyi bacaran azsaylı Avropa liderlərindəndir.

Digər tərəfdən, diplomatik təmaslarla tanış mənbənin sözlərinə görə, Stubb Moskvada da kəskin mənfi münasibət doğuran siyasətçi hesab edilmir. Mənbə bildirib ki, Finlandiya Prezidenti Rusiya ilə uzun sərhədin yaratdığı reallıqları anlayır və sülhün əldə olunmasını vacib sayır.

Bununla belə, Stubb və Störe telefon danışığında bütün Avropa adından deyil, öz dövlətlərinin rəhbərləri kimi iştirak ediblər. Hazırda Stubbun Avropanın rəsmi danışıqlar üzrə nümayəndəsi təyin edilməsi barədə qərar yoxdur.

Kreml nə cavab verdi?

Rusiya Prezidentinin administrasiyası telefon danışığından sonra yaydığı açıqlamada Putinin müharibə zonasındakı vəziyyətlə bağlı mövqeyini təqdim etdiyini bildirib.

Kreml rəhbəri Rusiyanın maraqlarının tam nəzərə alınması şərti ilə uzunmüddətli sülhə nail olmaq istədiyini vurğulayıb.

Tərəflər birbaşa telefon əlaqələrini davam etdirmək barədə razılığa gəliblər. Stubb isə söhbəti “açıq və məzmunlu” adlandırıb.

Bununla belə, Kreml Finlandiya Prezidentini Avropa ilə danışıqlarda əsas vasitəçi kimi qəbul edib-etmədiyinə dair konkret mövqe açıqlamayıb.

Xatırladaq ki, may ayında Putin Avropa ilə danışıqlarda Almaniyanın keçmiş kansleri, özünün çoxdankı dostu Gerhard Şröderin vasitəçi olmasını təklif etmişdi. Lakin bu təşəbbüs Almaniyada etimadsızlıqla qarşılanmış, Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas da həmin namizədliyi rədd etmişdi.

Beləliklə, Stubbun Putinlə birbaşa danışması Avropanın diplomatik prosesdən kənarda qalmamaq səyləri baxımından əhəmiyyətli hadisədir. Finlandiya Prezidentinin həm Vaşinqtonla münasibətləri, həm də Moskva ilə dialoq imkanları onu potensial vasitəçi kimi ön plana çıxarır. Lakin bu təmasın real sülh danışıqlarına çevrilib-çevrilməyəcəyi hələlik açıq qalır.

Musavat.com

Şərhlər (0)

User