Tikinti tullantıları zibil deyil, resursdur – Ekoloq

Tikinti və söküntü işləri zamanı yaranan tullantıların düzgün idarə olunmaması torpaq və ətraf ərazilərin çirklənməsinə səbəb ola bilər. Bu tullantıların daşınması, çeşidlənməsi və təkrar emalı ekoloji nəzarət baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda tikinti tullantılarının idarə olunması sahəsində əsas problemlər hansılardır və qanunsuz tullantı boşaldılmasının qarşısını necə almaq olar?
Bu barədə ekoloq Aynurə Miriyeva İnfora.az-a açıqlamasında deyib ki, tikinti və söküntü işləri zamanı yaranan tullantılar beton, kərpic, taxta, metal, plastik və digər materiallar düzgün idarə olunmadıqda torpağı, suyu və ətraf əraziləri ciddi şəkildə çirkləndirir:
“Bu tullantıların daşınması, çeşidlənməsi və təkrar emalı ekoloji təhlükəsizlik üçün çox vacibdir. Azərbaycanda da bu sahədə bir sıra problemlər mövcuddur və qanunsuz tullantı atılmasının qarşısını almaq üçün konkret addımlar atmağa cəhd edilir. Əsas problemlərdən birincisi, çeşidlənmənin zəif olmasıdır. Tikinti tullantıları çox vaxt məişət zibili ilə qarışıq şəkildə toplanır və ya heç ayrılmır. Bu, təkrar emalı demək olar ki, qeyri-mümkün edir və bütün yük poliqonların üzərinə düşür. Digər məsələ infrastruktur çatışmazlığıdır. Xüsusilə regionlarda və şəhər kənarlarında xüsusi konteynerlər, müasir daşıma maşınları və təkrar emal müəssisələri kifayət qədər deyil. Nəticədə tullantılar açıq ərazilərə, çay kənarlarına və ya qeyri-rəsmi sahələrə atılır. Digər problem nəzarət və qanunvericiliyin tətbiqində olan boşluqlardır. Hesablama Palatasının auditləri göstərir ki, tikinti və digər təhlükəsiz tullantıların daşınması, boşaldılması və zərərsizləşdirilməsi üzrə vahid normalar və daşıyıcılar üçün akkreditasiya sistemi tam qurulmayıb”.
O bildirib ki, bu, pərakəndəliyə və qanunsuz fəaliyyətə şərait yaradır:
“Qanunsuz tullantı sahələrinin tam aradan qaldırılması da hələ mümkün olmayıb. Təkrar emal potensialı istifadə olunmur, xidmət haqları tam toplanmır və bəzi hallarda tullantıların rəsmi poliqonlara aparılması üçün iqtisadi stimul zəifdir. Bu səbəbdən bəzi podratçılar daha ucuz yolu qanunsuz boşaltmanı seçirlər. İşğaldan azad olunmuş ərazilərdə söküntü tullantılarının həcmi böyükdür. Bu istiqamətdə artıq təkrar emal işlərinə başlanıb, lakin ölkə üzrə sistem hələ tam formalaşmayıb. Son dövrlərdə Tullantıların İdarə Edilməsi Agentliyinin yaradılması və 2027–2030-cu illər üçün yeni strategiyanın hazırlanması müsbət addımlardır, lakin praktiki nəticələr üçün vaxt lazımdır. Qanunsuz tullantı boşaldılmasının qarşısını almaq üçün qanunsuz sahələrin vaxtında aşkarlanması və təmizlənməsi mütəmadi aparılmalıdır. Hazırda qanunsuz tullantı atılmasına görə fiziki şəxslərə 700–1000 manat, vəzifəli şəxslərə və hüquqi şəxslərə isə daha yüksək cərimələr nəzərdə tutulub. Bu cərimələrin ardıcıl və ədalətli tətbiqi, təkrar pozuntularda daha sərt tədbirlər (o cümlədən icma işləri) effekti artırar. Tikinti tullantıları üçün xüsusi qəbul məntəqələri, çeşidləmə sahələri və təkrar emal zavodları açılmalıdır. Bu təkrar emala təkan verdiyi kimi, həmçinin yeni iş yerlərinin açılmasına dəstək olacaq. Tullantılar beton və kərpic kimi materiallardan yol tikintisində, dolgu işlərində və yeni tikintidə istifadə oluna bilər. Bu, həm ekoloji, həm də iqtisadi fayda verir”.
O qeyd edib ki, hər tikinti və söküntü layihəsində tullantı idarəetmə planı məcburi olsa daha yaxşı olar:
“Bu zaman şirkətlər tullantıları çeşidləməyə, rəsmi daşıyıcılara təhvil verməyə və sənədləşdirməyə məsuliyyət daşıyacaqlar. Bu tələblərə uyğun olaraq lisenziyalı daşıyıcılar sistemi tətbiq oluna bilər.
Podratçılar, sürücülər və əhali arasında sadə izahat işləri aparılmalıdır: “Tullantını harada və necə atmaq olar”. Yerli icra orqanları, bələdiyyələr və Ekologiya Nazirliyi arasında əlaqələndirmə gücləndirilməlidir. Tullantını “zibil” deyil, “resurs” kimi görmək lazımdır. Təkrar emal edilmiş materialların istifadəsinə üstünlük verilməsi, vergi güzəştləri və dövlət satınalmalarında belə materiallara yer ayrılması prosesi sürətləndirər. Nəticə olaraq, tikinti tullantılarının düzgün idarə olunması yalnız ekoloji məsələ deyil, həm də şəhər təmizliyi, vətəndaş sağlamlığı və ölkənin dayanıqlı inkişafı məsələsidir. Mövcud problemlər həll edilə bilər – bunun üçün qanunvericiliyin təkmilləşdirilməsi, infrastrukturun qurulması, nəzarətin gücləndirilməsi və hər kəsin məsuliyyəti birlikdə işləməlidir. Sadə qaydalar, ardıcıl nəzarət və təkrar emala diqqət torpaq və ətraf mühitin qorunmasına real töhfə verəcək”.
Aysel Muxtar
Şərhlər (0)