Torpağın münbitliyini necə qorumaq olar? Nazirlik rəsmisindən fermerlərə tövsiyələr

Okt 28, 2026 - 11:34
0 19
Torpağın münbitliyini necə qorumaq olar? Nazirlik rəsmisindən fermerlərə tövsiyələr

Torpağın hər il şumlanması onun daha məhsuldar olması demək deyil. Əksinə, yanlış və həddindən artıq şumlama torpağın strukturunu poza, münbitliyini azalda və faydalı mikroorqanizmlərin yaşayış mühitinə təsir göstərə bilər. 

Bəs fermerlər torpağı tükəndirmədən necə becərməli, onun məhsuldarlığını uzun illər necə qorumalıdırlar?

Məsələ ilə bağlı İnfora.az-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib:

"Torpaq kənd təsərrüfatının əsas istehsal vasitəsi olmaqla yanaşı, bitkilərin inkişafını təmin edən mürəkkəb fiziki, kimyəvi və bioloji sistemdir. Onun münbitliyinin qorunması kənd təsərrüfatı istehsalının davamlılığı və ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Torpağın tez-tez və intensiv şumlanması, xüsusilə torpaq-iqlim şəraiti nəzərə alınmadıqda, torpaq strukturunun pozulmasına, üzvi maddələrin parçalanmasının sürətlənməsinə və eroziya riskinin artmasına səbəb ola bilər. Bu proseslər torpağın su saxlama qabiliyyətinə, qida maddələrinin dövranına və uzunmüddətli münbitliyinə mənfi təsir göstərə bilər.

İntensiv mexaniki müdaxilələr torpaqda yaşayan soxulcanların, mikroorqanizmlərin və digər faydalı orqanizmlərin yaşayış mühitini də dəyişdirir. Halbuki həmin canlılar üzvi qalıqların parçalanmasında, qida maddələrinin bitkilər üçün əlçatan olmasında və torpaq strukturunun formalaşmasında mühüm rol oynayırlar.

Azərbaycanın müxtəlif bölgələrində torpaq eroziyası, su çatışmazlığı, şoranlaşma və üzvi maddələrin azalması kimi risklər torpaq ehtiyatlarının qorunmasına kompleks yanaşmanı zəruri edir. Buna görə torpağın ehtiyacına uyğun becərilməsi, lazımsız şumlamanın azaldılması, suvarmanın düzgün təşkili və torpağın münbitliyini qoruyan aqrotexniki tədbirlərin tətbiqi xüsusi əhəmiyyət daşıyır".

Onun sözlərinə görə, bu dəstək torpağın bir müddət əkinə cəlb edilməməsi yolu ilə onun münbitliyinin bərpasını təşviq edir:

"Torpağın münbitliyinin qorunması üçün torpaqbecərmə, suvarma, gübrələmə və əkin dövriyyəsi tədbirləri bir-birini tamamlamalıdır. Bu məqsədlə minimum torpaqbecərmə, uyğun sahələrdə birbaşa səpin, növbəli əkin, bitki qalıqlarının sahədə saxlanılması və torpağın üzvi maddələrlə zənginləşdirilməsi kimi üsullardan istifadə oluna bilər. Həmin tədbirlər torpağın strukturunun qorunmasına, eroziya riskinin azaldılmasına və üzvi maddə ehtiyatının saxlanılmasına kömək edir.

Külək eroziyasına qarşı tarlaqoruyucu zolaqların salınması da mühüm əhəmiyyət daşıyır. Aqrar Subsidiya Şurasının 3 sentyabr 2026-cı il tarixli qərarına əsasən, 2026-cı il sentyabrın 1-dən 2027-ci il mayın 31-dək salınan tarlaqoruyucu zolaqlar üçün istifadə edilən bitkilərə, hər hektarda minimum 1 500 ting əkilməsi şərti ilə, 1 000 manat subsidiya nəzərdə tutulub. Bu tədbir əkin sahələrinin külək eroziyasından qorunmasına və aqroekoloji şəraitin yaxşılaşdırılmasına xidmət edir.

Növbəli əkin və torpağın dincə qoyulması da münbitliyin qorunmasında əhəmiyyətli vasitələrdəndir. Şuranın qərarı ilə Şamaxı, Şəki, Qobustan və Yardımlı rayonlarının dəmyə ərazilərində son üç ildə ardıcıl buğda və ya arpa əkilmiş, EKTİS-də bəyan edilmiş torpaqların 2027-ci ildə dincə qoyulması üçün hektara 220 manat subsidiya müəyyən edilib".

Mütəxəssis qeyd edib ki, torpağın münbitliyinin qorunmasında suvarma texnologiyalarının təkmilləşdirilməsi də mühüm yer tutur:

"Şuranın qərarına əsasən, 22 ixtisaslaşmış rayonda müasir suvarma altında 1 hektar buğda əkini üçün subsidiya 400 manat, ənənəvi suvarma və dəmyə əkinləri üçün isə 1 hektara 200 manat müəyyən edilib. Müasir suvarma sistemlərinə yerüstü və yeraltı damcılı, stasionar və yarımstasionar yağışyağdırma, eləcə də pivot sistemləri daxildir.

Torpaq və su ehtiyatlarından daha səmərəli istifadə məqsədilə lazer hamarlama texnologiyasının tətbiqi də təşviq olunur. Bütün suvarılan ərazilərdə ən azı 5 hektar sahədə buğda əkini üçün lazer hamarlama aparılan ilk ildə əkin subsidiyasına əlavə 250 manat/ha, pambıqçılıq rayonlarında isə ən azı 5 hektar sahədə pambıq əkini üçün lazer hamarlama aparılan ilk ildə məhsul subsidiyasına əlavə 1 ton üçün 50 manat nəzərdə tutulub.

Müasir suvarma texnologiyalarının tətbiqini genişləndirmək üçün damcı suvarma sistemlərinin güzəştli maliyyələşdirilməsi mexanizmi də mövcuddur. Müvafiq şərtlər daxilində yerli istehsal damcı suvarma sistemləri üzrə 60 faiz, idxal sistemləri üzrə 50 faiz güzəşt tətbiq edilir. Lazer hamarlayıcılar, taxılyığan və pambıqyığan kombaynlar üzrə də 50 faizlik güzəşt mexanizmi nəzərdə tutulur".

"Digər mühüm tədbir torpağın aqrokimyəvi analizinin aparılmasıdır. Torpağın qida maddələri ilə təminatının müəyyən edilməsi gübrələrin ehtiyaca uyğun tətbiqinə, istehsal xərclərinin optimallaşdırılmasına və ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan yaradır. Şuranın qərarına əsasən, aqrokimyəvi analiz tələb olunan ərazilərdə müvafiq akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.

Bununla yanaşı, suvarılan torpaqlarda şoranlaşma riskinin azaldılması üçün suvarma suyunun keyfiyyətinə nəzarət, suvarma normalarının torpağın xüsusiyyətlərinə uyğun müəyyənləşdirilməsi və drenaj sistemlərinin işlək vəziyyətdə saxlanılması vacibdir. Üzvi gübrələrdən düzgün istifadə, bitki qalıqlarının sahədə saxlanılması və əkin dövriyyəsinin elmi əsaslarla təşkili də torpaq münbitliyinin uzunmüddətli qorunmasını dəstəkləyir.

Qeyd olunan tədbirlərin torpaq-iqlim şəraiti və becərilən bitkilərin xüsusiyyətləri nəzərə alınmaqla kompleks tətbiqi torpaq ehtiyatlarının deqradasiyadan qorunmasına, su və enerji resurslarından səmərəli istifadəyə, kənd təsərrüfatı istehsalının davamlılığının artırılmasına töhfə verir", - sonda əlavə olunub.

Zümrüd Abidqızı

Şərhlər (0)

User