Müqaviləsiz kirayə, sənədsiz ödəniş: Mübahisə yaranarsa, kim haqlı sayılır? – ARAŞDIRMA
Bakıda mənzil kirayələyənlərin bir qismi ev sahibi ilə yazılı müqavilə bağlamadan, sadəcə şifahi razılaşma əsasında yaşayır. İlk baxışdan bu, tərəflər üçün rahat görünə bilər. Lakin ev sahibi qəfil mənzili boşaltmağı tələb etdikdə, depoziti qaytarmadıqda və ya kirayə haqqını artırdıqda vəziyyət dəyişir.
Belə hallarda kirayəçi özünü necə qoruya bilər? Müqavilə olmadan evdə yaşamaq insanı hüquqi baxımdan müdafiəsiz qoyurmu?
İnfora.az xəbər verir ki, kirayə münasibətlərində yazılı müqavilənin olmaması tərəflər arasında yaranan mübahisələrin həllini çətinləşdirə bilər. Xüsusilə kirayə haqqının, depozitin və mənzilin boşaldılması ilə bağlı əvvəlcədən razılaşdırılmış şərtləri sübut etmək problem yarada bilər.
Məsələn, kirayəçi ev sahibinə bir aylıq kirayə haqqı ilə yanaşı depozit də ödəyə bilər. Lakin mənzildən çıxarkən ev sahibi müxtəlif səbəblər göstərərək həmin məbləği qaytarmaqdan imtina edə bilər. Ödənişə dair qəbz və ya bank köçürməsi olmadıqda isə kirayəçinin pulu verdiyini sübut etməsi çətinləşə bilər.
Digər problem kirayə haqqının qəfil artırılmasıdır. Tərəflər arasında yazılı razılaşma olmadıqda, əvvəlki ödəniş şərtləri ilə bağlı fikir ayrılığı yarana bilər. Eyni zamanda, ev sahibi mənzili satmaq, özü istifadə etmək və ya başqa şəxsə kirayə vermək istədikdə kirayəçinin nə qədər müddətdə evdən çıxmalı olduğu mübahisə mövzusuna çevrilə bilər.
Zümrüd Abidqızı
Şərhlər (0)