İnternetə pul ödəyirsən, amma sürət zəifdir? – Qanuna dəyişiklik edilir

Okt 28, 2026 - 11:00
0 36
İnternetə pul ödəyirsən, amma sürət zəifdir? – Qanuna dəyişiklik edilir

Milli Məclisin bugünkü plenar iclasında Azərbaycanda telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmununun dəqiqləşdirilməsini və hüquqi müəyyənlik prinsipinin təmin edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda təsdiqlənib. Bununla bağlı “Telekommunikasiya haqqında” qanunda müvafiq dəyişikliklər təklif edilir.

Sənəddə bildirilir ki, mövcud qanunun 33.1.5-ci maddəsi operatorların telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərməli olduğunu təsbit edir. Lakin həmin müddəada yer alan “standart, norma və qaydalar” və “telekommunikasiya xidmətlərinin standartları” kimi ümumi ifadələr xidmət zamanı riayət edilməli konkret və məcburi tələblərin dairəsini birmənalı müəyyən etməyə imkan vermirdi. Dəyişikliklə daxil edilən “keyfiyyət göstəriciləri” anlayışı isə xidmətin keyfiyyət səviyyəsini müəyyən edən, ölçülə bilən və yoxlanıla bilən meyarları özündə ehtiva edərək tənzimləmənin predmetini daha dəqiq əks etdirir.

Qanunla bağlı İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov İnfora.az-a açıqlamasında bildirib ki, gündəlik həyatımızda tez-tez “İnternetim çox zəifdir”, “Ödədiyim sürəti ala bilmirəm” və ya “Xəttdə vaxtaşırı kəsintilər olur” kimi şikayətlərlə qarşılaşırıq:
“İndiyədək bu problemlərin hüquqi müstəvidə həlli zamanı müəyyən çətinliklər yaranırdı. Bunun əsas səbəblərindən biri qanunvericilikdə “keyfiyyətli xidmət” anlayışının ümumi xarakter daşıması və konkret ölçülə bilən meyarların kifayət qədər dəqiq müəyyən edilməməsi idi. “Telekommunikasiya haqqında” Qanuna təklif edilən yeni dəyişikliklər isə bu sahədə hüquqi müəyyənliyin təmin olunmasına və xidmət keyfiyyətinin daha dəqiq qiymətləndirilməsinə imkan yarada bilər. Xidmət keyfiyyəti konkret və ölçülə bilən göstəricilər əsasında qiymətləndiriləcək. İnternet provayderləri və mobil operatorlar üçün məcburi xidmət keyfiyyəti standartlarının müəyyən edilməsi nəzərdə tutulur. Bu standartlara şəbəkədə gecikmə müddəti (ping), məlumat paketlərinin itkisi faizi və istifadəçiyə təqdim olunan faktiki internet sürəti kimi göstəricilər daxil ola bilər. Beləliklə, provayderin “100 Mbit/s-yədək” sürət vəd etməsi ilə istifadəçiyə faktiki olaraq təqdim etdiyi xidmət arasındakı fərqin müəyyənləşdirilməsi üçün daha aydın meyarlar formalaşa bilər. Bu isə xidmət keyfiyyətinin subyektiv şikayətlər əsasında deyil, konkret texniki göstəricilər vasitəsilə qiymətləndirilməsinə şərait yaradacaq”.

O qeyd edib ki, operatorların təqdim etdiyi xidmətin bəyan olunan göstəricilərə uyğunluğunun Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və telekommunikasiya sahəsinin tənzimləyici qurumu tərəfindən yoxlanılması nəzərdə tutula bilər:
“Bunun üçün mərkəzləşdirilmiş ölçmə sistemlərindən və mütəmadi monitorinq mexanizmlərindən istifadə edilməsi xidmət keyfiyyətinin daha obyektiv qiymətləndirilməsinə imkan verər. Belə bir sistemin tətbiqi ölkə üzrə internet xidmətlərinin vəziyyətini əks etdirən keyfiyyət xəritələrinin hazırlanmasına da şərait yarada bilər. Nəticədə istifadəçilər müxtəlif ərazilərdə təqdim olunan xidmətlərin səviyyəsi barədə daha dolğun məlumat əldə edə bilərlər. Abunəçiyə təqdim olunan xidmət müqavilədə nəzərdə tutulan şərtlərə və ya müəyyən edilmiş keyfiyyət standartlarına uyğun olmadıqda, onun hüquqlarının müdafiəsi məsələsi aktuallaşır. Eyni zamanda, əsassız və uzunmüddətli kəsintilər zamanı abunə haqqının yenidən hesablanması və ya kompensasiyanın verilməsi kimi mexanizmlərin tətbiqi istehlakçıların maraqlarının qorunmasına kömək edə bilər. Bu mexanizmlərin effektiv işləməsi üçün onların tətbiq qaydalarının, şərtlərinin və tərəflərin məsuliyyətinin qanunvericilikdə aydın şəkildə müəyyən edilməsi vacibdir. Yeni keyfiyyət standartları internet provayderləri və mobil operatorlar qarşısında əlavə texniki və maliyyə öhdəlikləri yarada bilər. Xidmət səviyyəsinin yüksəldilməsi üçün mövcud infrastrukturun yenilənməsi, fiber-optik şəbəkələrin genişləndirilməsi, GPON texnologiyasının tətbiqi və müasir mobil rabitə şəbəkələrinə investisiyaların artırılması zərurəti yarana bilər. Digər tərəfdən, müəyyən edilmiş standartlara əməl etməyən şirkətlər üçün inzibati məsuliyyət və cərimə riskləri də gündəmə gələ bilər. Bu baxımdan, yeni tələblər bazarda fəaliyyət göstərən şirkətləri xidmət keyfiyyətini artırmağa və istehlakçı məmnunluğuna daha çox diqqət yetirməyə sövq edə bilər. Bununla belə, dəyişikliklərin bazara real təsiri müəyyən ediləcək standartlardan, onların tətbiq müddətindən, nəzarət mexanizmlərindən və şirkətlər üçün nəzərdə tutulan məsuliyyət tədbirlərindən asılı olacaq”.
Aysel Muxtar

Şərhlər (0)

User