Yalanı üzə çıxaran dəqiq əlamət varmı? - Psixoloqdan AÇIQLAMA
Bəzən insan həqiqəti elə danışır ki, ona inanmaq çətin olur, bəzən isə yalan o qədər inandırıcı səslənir ki, şübhələnməyə belə əsas qalmır. Qarşı tərəfin gözlərini qaçırması, həyəcanlanması və ya danışarkən tərəddüd etməsi isə hər zaman yalan danışdığı anlamına gəlmir.
Bəs insanın yalan danışdığını üzə çıxaran dəqiq əlamətlər varmı, yoxsa həqiqəti yalandan ayırmaq düşündüyümüz qədər asan deyil?
Məsələ ilə bağlı İnfora.az-a açıqlama verən psixoloq Fuad Əsədov bildirib:
"Bu, kifayət qədər mürəkkəb məsələdir. Çünki yalanı müəyyən etmək insanın xarakterindən və yalan danışarkən özünü nə dərəcədə idarə edə bilməsindən asılıdır. Elə insanlar var ki, yalanı o qədər inandırıcı danışırlar ki, onları müəyyən etmək hətta mütəxəssislər üçün belə çətin olur. Bəzi insanlar hətta yalan detektorlarını da aldada bilirlər".
Onun sözlərinə görə, insanın həyəcanlanması, gözlərini qaçırması və ya danışarkən tərəddüd etməsi yalan danışdığını göstərən dəqiq əlamət hesab edilə bilməz:
"Ümumiyyətlə, yalan danışmağın göstəricisi hesab edilə biləcək etibarlı mimika, jest və ya bədən dili əlaməti yoxdur. Bədən dili hər zaman dəqiq nəticə çıxarmaq üçün etibarlı vasitə sayıla bilməz. Çünki insanın davranışları müxtəlif səbəblərdən dəyişə, mədəniyyətlərə görə fərqlənə və yanlış təəssürat yarada bilər. Buna görə də yalanı dəqiq müəyyənləşdirməyə imkan verən tam etibarlı bir test mövcud deyil".
Mütəxəssis qeyd edib ki, bəzən həqiqət o qədər inanılmaz olur ki, insan doğru danışarkən belə yalançı təsiri bağışlayır:

"Bəzən həqiqət o qədər inanılmaz olur ki, insan doğru danışdığı halda belə yalan danışırmış kimi görünür. Yəni deyilənlər həqiqət olsa da, qarşı tərəf bunu qəbul etməkdə çətinlik çəkə və həmin şəxsin yalan danışdığını düşünə bilər".
"Digər tərəfdən, fikirlərini ifadə etməkdə çətinlik çəkən, kəkələyən, həyəcanlanan və ya sosial təşviş yaşayan insanlar da yalan danışırmış kimi təəssürat yarada bilərlər. Halbuki bu davranışlar heç də həmişə yalanla əlaqəli deyil. Buna görə də yalnız mimika, jest və davranışlara əsaslanaraq bir insanın yalan danışdığı qənaətinə gəlmək düzgün olmaz", - deyə ekspert sonda əlavə edib.
Zümrüd Abidqızı
Şərhlər (0)