Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”
İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın azərbaycanlı qızları ölkəsinə dəvət etməsi və Azərbaycanın dünyəvi təhsil sistemini hədəf alan açıqlamaları rəsmi Bakının narazılığına səbəb olub. Sözügedən fikirlər Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilib və ölkənin təhsil siyasəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Məsələ cəmiyyətdə bir sıra suallar doğurur. Xarici ölkənin rəsmi şəxsi tərəfindən Azərbaycanın təhsil sisteminə dair bu cür fikirlərin səsləndirilməsi hansı məqsədlərə xidmət edir?
Bu barədə İnfora.az-a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafın Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxması və azərbaycanlı qızları İran universitetlərinə dəvət etməsi sadəcə təhsil məsələsi ilə bağlı açıqlama deyil:

“Bu bəyanat Azərbaycanın daxili ictimai müzakirəsinə kənardan müdaxilə cəhdi olmaqla yanaşı, rəsmi Tehranın insan hüquqları məsələsində nümayiş etdirdiyi ikili standartları da gündəmə gətirir. Azərbaycan dövləti öz vətəndaşlarının təhsilini, həyatını və gələcək planlarını təmin etmək gücündədir. Son hadisələr də göstərdi ki, cəmiyyət dövlətin bu istiqamətdəki fəaliyyətini dəstəkləyir. Azərbaycan öz daxili məsələlərini müstəqil şəkildə həll etmək iqtidarındadır. Təhsilimiz dünya standartlarına cavab verir və dünyəvi xarakter daşıyır. Qurduğumuz təhsil sistemi savadlı, vətənini sevən və öz hüquqlarını qorumağı bacaran bir nəsil yetişdirmək imkanına malikdir”.
O qeyd edib ki, İran rəsmilərinə ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə, öz ölkələrinin problemləri ilə məşğul olmaq məsləhət görüləndir:
“İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur. Ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir. Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar hazırda onilliklərdir ki, ana dillərində təhsil almaq hüququndan məhrum edilib. Azərbaycan Ali təhsil müəsisələrində vahid geyim forması yoxdur. Hər kəs geyimində sərbəstdir”.
Aysel Muxtar
Şərhlər (0)