⚡ AMP
Təhsil

Məktəblərdə AQRESSİYA və ZORAKILIQ halları: Hikmət Babaoğlundan AÇIQLAMA

Bakıda məktəblilərdən birinin ölümü ilə bağlı hadisəni işıqlandırmaq istəyən televiziya çəkiliş qrupunun hücuma məruz qalması cəmiyyətdə aqressiya, ictimai davranış və media nümayəndələrinə münasibət məsələlərini yenidən gündəmə gətirir. Hadisənin təhsil müəssisəsinin ərazisində baş verməsi isə məkt

🕐 Okt 29, 2026 – 12:12
👁 7

Bakıda məktəblilərdən birinin ölümü ilə bağlı hadisəni işıqlandırmaq istəyən televiziya çəkiliş qrupunun hücuma məruz qalması cəmiyyətdə aqressiya, ictimai davranış və media nümayəndələrinə münasibət məsələlərini yenidən gündəmə gətirir. Hadisənin təhsil müəssisəsinin ərazisində baş verməsi isə məktəb mühitində sosial məsuliyyət və davranış normaları ilə bağlı suallar yaradır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu İnfora.az-a açıqlamasında qeyd edib ki,  Azərbaycanda ailə institutundan sonra yetkin cəmiyyətin formalaşmasında ən böyük və kütləvi rola malik institut təhsil sistemidir:

“Buraya məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil məktəbləri, ali təhsil müəssisələri və digər təhsil ocaqları daxildir. Hər bir vətəndaşın və ailənin təhsil müəssisələri ilə münasibətləri şəffaf olmalıdır. Valideyn məktəbdə baş verənlərdən, təhsilin keyfiyyətindən və tədris prosesinin necə təşkil olunmasından xəbərdar olmalıdır. Ailə və təhsil institutları arasında qurulan əməkdaşlıq yeni nəslin daha zəngin idraki keyfiyyətlərə malik şəxsiyyətlər kimi yetişməsinə xidmət etməlidir. Bu baxımdan, məktəblərdə və digər təhsil müəssisələrində sosial mühitin keyfiyyəti də xüsusi əhəmiyyət daşıyır. Şəxsiyyətin formalaşmasının ilkin mərhələsi ailədirsə, növbəti mühüm mərhələlərdən biri məktəb mühitidir. Bu mühit nə qədər sağlam və pozitiv olarsa, bir o qədər də sağlam sosial münasibətlər qurmağı bacaran, müsbət düşüncəli insanların yetişməsinə və bütövlükdə cəmiyyətin inkişafına şərait yaranar”.

O qeyd edib ki, tədris mühitində aqressiyaya yol verilməməlidir:

“Təəssüf ki, son dövrlərdə bəzi məktəblərdə aqressiv hallarla qarşılaşırıq. Azyaşlıların bir-birinə xəsarət yetirməsi, aqressiv davranışlar və bu kimi halların ağır nəticələri ciddi narahatlıq doğurur. Hazırda təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri diqqəti məhz bu neqativ halların qarşısının alınmasına yönəltməkdir. Məktəblərdə təhsilin keyfiyyəti, məzmunu və tədris metodologiyaları nə qədər vacibdirsə, sağlam və pozitiv sosial mühitin formalaşdırılması da bir o qədər əhəmiyyətlidir. Məktəb elə bir mühit olmalıdır ki, burada şagirdlər öyrənsin, düşünsün, sosiallaşsın, sağlam münasibətlər qurmağı bacarsın və milli-mənəvi dəyərlərimizi yaşadan ənənələri mənimsəsinlər. Əsas məqsəd gələcək nəslin həm intellektual, həm fiziki, həm də mənəvi-psixoloji baxımdan sağlam yetişməsini təmin etməkdir. Azərbaycan təhsil sistemində məktəblərdə sağlam sosial mühitin formalaşdırılmasına yönələn yeni yanaşmalar və metodlar tətbiq edilməlidir. Məqsəd tədris prosesində mövcud ola biləcək boşluqları aradan qaldırmaq, aqressiv davranışların qarşısını almaq və uşaqların təhlükəsiz, sağlam mühitdə inkişafını təmin etmək olmalıdır”.

Aysel Muxtar

📰 Tam xəbəri oxu
· · ·
Paylaş: